2026-cı ilin 1–3 iyun tarixlərində Bakı yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevriləcək. Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini növbəti mühüm müzakirələr və enerji sahəsinin yeniliklərinin nümayişi üçün bir araya gətirəcək. Həmçinin 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək.
Fortunamag.az xəbər verir ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. 2025-ci ildə təşkil edilmiş Bakı Enerji Həftəsinin iştirakçılarına salamlama məktubunda Prezidenti İlham Əliyev bu tədbirin artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanındığını qeyd edib.
“Bakı Enerji Həftəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür”,- deyə ölkə prezidenti bildirib.
ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir.
Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
Bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. 1, 2 və 3 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Bulvar Mall”a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcək.
“Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
“Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.
Bakı Enerji Həftəsinin işgüzar proqramı
Bakı Enerji Həftəsi çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunacaq. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.
Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur. Tərəfdaş ölkə və şirkətlərlə birgə əməkdaşlıq formatında atılan bu addımlar ölkənin enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerjiyə keçid istiqamətində mühüm rol oynayır.
Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. Tədbirin proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://caspianoilgas.az/az/events-programme) tanış olmaq mümkündür. Bakı Enerji Həftəsi çərçivəsində tədbir keçirilən məkanlarda ilk dəfə olaraq “AI RoboCafe” fəaliyyət göstərəcək
Bundan əlavə, “Baku Energy Week” çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların yaratdığı rəsmlərdən ibarət sərgi də təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.
“Baku Energy Forum”
Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “Baku Energy Forum”dur.
Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dək nümayəndənin iştirak etməsi gözlənilir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alır.
Bu il öncəki illərdən fərqli olaraq, Bakı Enerji Forumunun açılışı da iyunun 1-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Daha sonra forum iştirakçıları əsas müzakirələr üçün Bakı Konqres Mərkəzinə toplaşacaqlar. Forumun gündəliyi olduqca zəngin olacaqdır. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar təşkil ediləcək.
Qeyd etmək lazımdır ki, forumun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq.
“TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi
Azərbaycanın tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən iri infrastruktur layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və logistika imkanlarının modernləşdirilməsi ölkəmizi Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Azərbaycanın bu sahədə artan strateji rolu beynəlxalq səviyyədə də öz təsdiqini tapır. Belə ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin əsas daşımalar qovşağı kimi rolunun getdikcə gücləndiyini xüsusi vurğulayıb.
Məhz bu kontekstdə nəqliyyat və logistika sahəsində keçirilən beynəlxalq ixtisaslaşmış sərgilərin əhəmiyyəti daha da artır. “TransLogistica Caspian” sərgisi müasir nəqliyyat həllərinin təqdim olunduğu, sənaye nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirildiyi və logistika sahəsində aktual məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformadır. Tədbir Avrasiya məkanının nəqliyyat və logistika sahəsi üzrə peşəkarlarını bir araya gətirən ən önəmli beynəlxalq görüş məkanı kimi çıxış edir.
Sərgiyə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.
Üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edəcəklər
“TransLogistica Caspian” sərgisi Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat qurumlarının rəhbərləri, sənaye mütəxəssisləri və biznes nümayəndələri ilə bir araya gəlmək, nəqliyyat texnologiyalarının ən son nailiyyətlərini nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq və perspektivli infrastruktur layihələri ilə tanış olmaq üçün unikal platformadır. Sərgi çərçivəsində dövlət və özəl sektor arasında formalaşan əməkdaşlıq nəqliyyat və logistika sahəsində innovativ yanaşmaların tətbiqinə, infrastrukturun inkişafına və sektorun davamlı böyüməsinə mühüm töhfə verir. Bu qarşılıqlı fəaliyyət regional inteqrasiyanın gücləndirilməsi və iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.
3 iyun 2026-cı il tarixində “TransLogistica Caspian” beynəlxalq sərgisi çərçivəsində “Radisson Hotel Baku”da 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcək. “TransLogistica Caspian Forum” beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə olunduğu peşəkar platforma rolunu oynayacaq.
Sərgi çərçivəsində geniş işgüzar proqram təşkil olunacaq, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, tematik tədbirlər və sənaye üzrə müzakirələr keçiriləcək.