Bakı KOB evində sahibkarlara göstərilən xidmətlərin sayı açıqlanıb
Bakı, Xaçmaz və Yevlax şəhərlərində KOB evləri fəaliyyət göstərirdi. Cari ildə bu şəbəkə genişləndirilərək Gəncə şəhərində də KOB evi istifadəyə verilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Bakı KOB evinin direktoru Yusif Bağırov “Özünüməşğulluğun təşviqi və əlavə məşğulluq tədbirləri barədə vətəndaşların məlumatlandırılması” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, KOB evləri kiçik və orta biznes subyektlərinə xidmət göstərmək məqsədilə yaradılmış müasir mərkəzlərdir. Bu mərkəzlər “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərir: “Bu prinsip o deməkdir ki, sahibkarlar müxtəlif dövlət və özəl xidmətləri bir məkanda, rahat və sürətli şəkildə əldə edə bilirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, KOB evləri içərisində ən böyüyü Bakı KOB evidir. Bura 2023-cü ildə fəaliyyətə başlayıb və sahibkarlıq işini asanlaşdırmaq, sahibkarların vaxt itkisini azaltmaq və biznes fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə yaradılıb. Bu mərkəzdə müxtəlif dövlət qurumlarının xidmətləri birləşdirilib. Bakı KOB evində sahibkarlara hazırda 35 dövlət qurumu tərəfindən 300-dən çox, 14 özəl qurum tərəfindən isə 100-dən çox xidmət göstərilir. Məhz bu xidmətlər sayəsində sahibkarlar fəaliyyət üçün zəruri olan biznes qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planların hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı xidmətlər alırlar. Həmçinin binada yaradılmış görüş, təlim, mediasiya otaqları və konfrans zalı sahibkarların xidmətindədir ki, bu da onlara müxtəlif təlimlər, maarifləndirici tədbirlər və biznes məsləhətləri təqdim edir. Onlar burada öz bilik və bacarıqlarını inkişaf etdirərək daha uğurlu biznes qura bilirlər”.
Fortunamag.az
