01:15
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
İQTISADIYYAT

Borcun qiymətli kağızlara yönəldilməsi ilə bağlı - Qanun dəyişir

Borcun qiymətli kağızlara yönəldilməsi ilə bağlı - Qanun dəyişir

Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi qaydası müəyyənləşir.

Fortunamag.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, icra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək, həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir.

İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir.

Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması, həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdırır.

Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq, bütövlükdə həbs qoyulur.

Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil edilir.

Qiymətli kağıza tələb yönəldilərkən qiymətli kağız əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə tələbkara təklif olunur. Tələbkar həmin təklifin qəbulu ilə bağlı iradə ifadəsini 7 iş günü müddətində bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir.//qafqazinfo

Daha çox