23:15
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
AZəRBAYCAN

Əbədi dostluq haqqında Müqavilə

Əbədi dostluq haqqında Müqavilə

Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Bu müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluqdan daha yüksək səviyyəyə qalxdığını göstərir. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaranır. Xüsusilə türk dövlətləri arasında həmrəyliyin artması baxımından bu sənəd mühüm əhəmiyyət daşıyır.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəd Azərbaycanla Özbəkistan arasında münasibətlərin nə qədər yaxın və etibarlı olduğunu göstərir.

Söhbət yalnız dövlətlərarası sənəddən deyil, iki xalqın bir-birinə olan tarixi və mənəvi yaxınlığının siyasi müstəvidə daha da möhkəmlənməsindən gedir. Azərbaycan və Özbəkistan onsuz da bir-birinə yaxın olan iki qardaş ölkədir. Bu müqavilə isə həmin münasibətləri daha konkret və uzunmüddətli çərçivəyə salır. Qarşılıqlı dəstək, iqtisadi və siyasi əməkdaşlıq, eləcə də humanitar əlaqələr bundan sonra daha da inkişaf edəcək. Sənəd, həmçinin Türk dünyasında birlik və həmrəyliyin güclənməsinə töhfə verəcək. Müqavilə Azərbaycan və Özbəkistanın bir-birini yalnız bu gün üçün deyil, gələcəkdə də etibarlı tərəfdaş kimi gördüyünü göstərir.

Əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslan müqavilə: götürülən öhdəliklər

Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Ölkələrimiz, həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürür.

Bu müddəalar Azərbaycan və Özbəkistan arasında münasibətlərin qarşılıqlı etimad və hörmət üzərində qurulduğunu göstərir. Tərəflər bir-birinin müstəqilliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət etməklə yanaşı, digərinə qarşı yönələ biləcək hər hansı təhlükənin öz ərazisindən yaranmasına imkan verməməyi öhdələrinə götürür. Bu isə iki ölkənin bir-birini sadəcə dost deyil, həm də etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi gördüyünü göstərən mühüm mesajdır.

Həmçinin tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində BMT-nin mərkəzi rolunun daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiq edir. Sənəd hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsinə kömək edəcək, xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsası möhkəmləndirəcək və bütün sahələrdə hüquqi əməkdaşlığı gücləndirəcək.

Bu yanaşma Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha səmimi və möhkəm əsasda inkişaf etdiyini göstərir. Burada əsas olan təkcə dövlətlərarası əməkdaşlıq deyil, iki xalqın bir-birinə daha da yaxınlaşmasıdır. Parlamentlər, hüquqi əlaqələr və ictimai münasibətlər inkişaf etdikcə, ölkələr arasındakı dostluq gündəlik həyatda da daha çox hiss olunacaq.

Daha çox