“Əhalinin siyahıyaalınması əhali haqqında ən dolğun məlumat mənbəyi olmaqla ölkədə demoqrafik proseslərin öyrənilməsində, qiymətləndirilməsində və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır”.
Fortunamag.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının “Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı”na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər. Siyahıyaalma zamanı beynəlxalq standart kimi BMT-nin “Əhalinin və mənzil fondunun siyahıyaalınmasına dair prinsip və tövsiyələri” rəhbər tutulmalıdır.
Göstərilən tələblər nəzərə alınmaqla Azərbaycanda müstəqilliyin bərpasından sonra əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilib.