Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə müəllimi tərəfindən döyüldüyü iddia edilən şagird və atası açıqlama verib.
Fortunamag.az xəbər verir ki, onlar bu barədə Baku Tv-yə danışıblar.
Şagirdin atası Rüfət Məcidov bildirib ki, hadisə idman dərsi zamanı fiziki tərbiyə müəllimi tərəfindən edilib: “Övladımın dediyinə görə, uşaqlar futbol oynayıb qalib gəliblər, bu zaman digər komanda ilə aralarında dava düşüb, söyüş də söyüblər. Daha sonra yaxınlaşan müəllim söyüş söyənin kim olduğunu soruşduqda günahı oğlumun üstünə atıblar. Nəticədə idman müəllimi uşağı vurub”.
Şagird qeyd edib ki, futbol yarışından sonra su içməyə gedəndə müəllim onun başına vurub: “Sonra qapının ağzında dayananda mənə şillə vurdu. Qaçmaq istəyəndə isə yenə 2 şillə vurdu. Gedib dostlarımın arxasında gizləndim. Gəlib onları da itələdi. Mənə “paltarlarını dəyişib get, evdə kiməsə nəsə desən, qiymətlərini aşağı salacağam” dedi”.