Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə isə müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilir.
Fortunamag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, müsabiqə müvafiq qaydalara uyğun olaraq test imtahanı və müsahibə mərhələsindən ibarət olmaqla keçiriləcək.
Direktor və direktor müavini vəzifələri üzrə müsabiqədə yalnız Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə vakant vəzifələr nəzərdə tutulur. Bu vəzifələr üzrə müsabiqədə ali təhsilin bakalavriat və ya magistratura səviyyəsində müvafiq ixtisası bitirmiş, dövlət nümunəli diplomu olan, ixtisası üzrə azı 5 il pedaqoji əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müəllim vəzifələri üzrə müsabiqə isə həm Mədəniyyət Nazirliyinin, həm də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərini əhatə edir. Bu vəzifələr üzrə müsabiqədə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyulun 23-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı vasitəsilə aparılacaq. Test imtahanı avqustun 8-də keçiriləcək.
Namizədlər DİM-in portalında "Şəxsi kabinet" yaratmalı və müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsabiqəyə müraciət etməlidirlər.
Direktor və direktor müavinləri üzrə müsabiqədə iştirak haqqı 118 AZN, müəllimlər üzrə müsabiqədə iştirak haqqı isə 80 AZN təşkil edir.
Direktor və direktor müavinləri üzrə test imtahanında namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 3 saat davam edəcək. Direktor vəzifəsi üzrə keçid balı 55, direktor müavini vəzifəsi üzrə isə 50 bal müəyyən edilib.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında namizədlərə 70 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 2 saat davam edəcək. Müəllimlər üzrə keçid balları məktəbin yerləşdiyi əraziyə və bəzi ixtisaslar üzrə xüsusi tələblərə uyğun müəyyən edilir.
Test mərhələsində tələb olunan keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.