18:13
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Türk Dünyası Həftəsi başa çatdı

Türk Dünyası Həftəsi başa çatdı

Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi uğurla başa çatıb.

Fortunamag.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirlər silsiləsi 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın elmi və mənəvi irsinin yenidən dəyərləndirilməsi, ortaq türk mədəni irsinin təbliği və türk dövlətləri arasında humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də türk dünyasının ortaq humanitar məkanının formalaşmasının əsas mənəvi və intellektual dayaqlarından biri olaraq qalır. Dövlət başçısı qeyd edib ki, Türk Dünyası Həftəsi zəngin tarixi-mənəvi irsin yaşadılmasına, öyrənilməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verəcək.

Türk Dünyası Həftəsi yüksək beynəlxalq təmsilçilik səviyyəsi ilə yadda qalmışdır. Tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciəti ilə yanaşı, türk dövlətlərinin beş dövlət başçısının rəsmi müraciətləri təqdim olunub, yubiley tədbirlərinə göstərilən yüksək siyasi dəstək və Birinci Türkoloji Qurultayın irsinə verilən önəm bir daha nümayiş etdirilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da daxil olmaqla, türk dünyasının aparıcı beynəlxalq əməkdaşlıq qurumları tədbirlərdə fəal iştirak edib, Türk Dünyası Həftəsinin yüksək səviyyədə təşkilinə və məzmununun zənginləşdirilməsinə mühüm töhfə veriblər.

Həftə çərçivəsində beynəlxalq elmi konfranslar, panel müzakirələri, beş sərgi, təqdimatlar, konsert proqramları və digər mədəni tədbirlər təşkil edilib, türk dövlətlərindən və dünyanın müxtəlif ölkələrindən alimlər, türkologiya üzrə tədqiqatçılar, dövlət rəsmiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Proqrama uyğun olaraq təşkil edilmiş tematik sərgilərdə Birinci Türkoloji Qurultayın tarixi irsi, türk xalqlarının ortaq mədəni dəyərləri və zəngin mədəni irsi nümayiş etdirilib.

Bununla yanaşı, yubiley münasibətilə hazırlanmış xüsusi sənədli filmin, eləcə də süni intellekt texnologiyalarından istifadə olunmaqla ərsəyə gətirilmiş innovativ filmin təqdimatı keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Daha çox