01:32
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Azərbaycanda ilk yerli elektrik “VELOMOBİL” WUF13-də təqdim olundu

    Azərbaycanda ilk yerli elektrik “VELOMOBİL” WUF13-də təqdim olundu

Azərbaycanda inklüziv şəhər mobilliyinin inkişafı və milli mühəndislik potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən innovativ təşəbbüslər sırasında xüsusi yer tutan “VELOMOBİL” layihəsi uğurla davam etdirilir. Yerli mütəxəssislər tərəfindən hazırlanmış əlilliyi olan şəxslər üçün ilk elektrik nəqliyyat vasitəsi – “VELOMOBİL” ölkəmizdə geniş ictimaiyyətə təqdim olunmaqla yanaşı, real şəhər mühitində praktiki sınaq və nümayiş mərhələsinə qədəm qoymuşdur.

Layihənin ilk beynəlxalq təqdimatı BMT-nin Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum – WUF13) çərçivəsində keçirilmiş və böyük maraq doğurmuşdur. Təqdimat zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri layihə ilə yaxından tanış olmuş, onun innovativ və sosial əhəmiyyətini yüksək qiymətləndirmişlər.

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyi”nin sədri Firuzə Babayeva və layihənin rəhbəri Cavid Rəhimov tərəfindən “VELOMOBİL”in texniki xüsusiyyətləri, innovativ konstruktiv həlləri və funksional imkanları ətraflı təqdim edilmiş, elektrik nəqliyyat vasitəsinin idarə olunması və istifadə qaydaları praktiki şəkildə nümayiş etdirilmişdir. Bildirilmişdir ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslər üçün təhlükəsiz, müstəqil və ekoloji cəhətdən dayanıqlı hərəkət imkanları yaratmaqla yanaşı, Azərbaycanda yerli mühəndislik məktəbinin və innovasiya ekosisteminin inkişafına töhfə verməkdir.

Elektrik mühərriki ilə çalışan “VELOMOBİL” müasir şəhər mobilliyinin tələblərinə cavab verən, enerji səmərəliliyi ilə seçilən və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir. Layihə həmçinin yaşıl texnologiyaların tətbiqi, karbon emissiyalarının azaldılması və əlçatan şəhər mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

“VELOMOBİL”in əsas üstünlükləri:

  • ekoloji cəhətdən təmiz elektrik mühərrik sistemi;

  • əlilliyi olan şəxslər üçün xüsusi uyğunlaşdırılmış erqonomik konstruksiya;

  • şəhər şəraitində təhlükəsiz və komfortlu hərəkət imkanları;

  • yerli mühəndislər tərəfindən hazırlanmış milli texnoloji həll;

  • enerjiyə qənaət edən müasir idarəetmə sistemi;

  • inklüziv və dayanıqlı şəhər mobilliyi konsepsiyasına uyğun innovativ yanaşma.

Layihə yalnız yeni nəqliyyat vasitəsinin hazırlanması deyil, həm də sosial innovasiya, inklüziv inkişaf, mühəndislik yaradıcılığı və milli texnoloji potensialın vəhdətini özündə birləşdirən strateji təşəbbüsdür. Bu innovativ həll Azərbaycanın elmi-texniki imkanlarının, yerli istehsal potensialının və yaradıcı mühəndislik düşüncəsinin beynəlxalq səviyyədə təqdim olunmasına xidmət edir.

Layihənin növbəti mərhələsində “VELOMOBİL”in texniki imkanlarının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması, seriya istehsalının təşkili və xarici bazarlara çıxarılması istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “VELOMOBİL” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə ölkəmizdə inklüziv şəhər mobilliyi, yaşıl texnologiyalar və sosial innovasiyalar sahəsində həyata keçirilən ilk milli mühəndislik təşəbbüslərindən biri olmaqla Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə və inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verir.

    Azərbaycanda ilk yerli elektrik “VELOMOBİL” WUF13-də təqdim olundu — 1     Azərbaycanda ilk yerli elektrik “VELOMOBİL” WUF13-də təqdim olundu — 2     Azərbaycanda ilk yerli elektrik “VELOMOBİL” WUF13-də təqdim olundu — 3     Azərbaycanda ilk yerli elektrik “VELOMOBİL” WUF13-də təqdim olundu — 4     Azərbaycanda ilk yerli elektrik “VELOMOBİL” WUF13-də təqdim olundu — 5

Daha çox