“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov müsahibə verib.
Fortunamag.az müsahibəni təqdim edir:
- Bakı-Tbilisi-Bakı marşrutu üzrə bilet satışı hansı mexanizmlə həyata keçirilir?
- Hazırda Bakı-Tbilisi-Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik.
Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib. Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb.
Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur. Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq.
.jpg)
Bundan əvvəl bir şəxs özü ilə birlikdə 8 nəfərə və əlavə olaraq yer tutmayan 5 yaşa qədər 8 nəfər uşağa bilet ala bilirdisə, bu rəqəm 4 nəfərə qədər azaldılıb. Burada əsas məqsədi daha çox sərnişinə bilet alışı üçün bərabər imkan yaratmaqdır.
Sosial şəbəkələrdəki iddialardan biri də Bakı-Tbilisi qatarlarının dolu olmaması ilə bağlıdır. Bir məqamı da qeyd edim ki, qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır. Məlum olduğu kimi, Bakı-Tbilisi-Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minirlər.
21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb.