ADA Universiteti və MegaSec Ltd Anlaşma Memorandumu imzaladılar
ADA Universiteti ilə MegaSec Ltd şirkəti arasında Süni İntellekt, Kibertəhlükəsizlik və Məlumatların İdarə Olunması və Təhlili sahələrində əməkdaşlığın qurulması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Fortunamag.az ADA Universitetinə istinadən xəbər verir ki, memorandum universitet–sənaye əməkdaşlığının gücləndirilməsini, bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, eləcə də innovativ tədqiqat və layihələrin birgə həyata keçirilməsini nəzərdə tutur. Bu tərəfdaşlıq çərçivəsində tərəflər sürətlə inkişaf edən texnoloji sahələrdə mövcud çağırışların həlli və qabaqcıl həllərin hazırlanması istiqamətində sıx əməkdaşlıq edəcəklər.
Əməkdaşlığın əsas istiqamətlərindən biri tələbələrin peşəkar inkişafının dəstəklənməsidir. Bu çərçivədə tələbələr praktiki təcrübə qazanmaq, sənaye yönümlü biliklər əldə etmək və real layihələrdə iştirak etmək imkanına malik olacaqlar ki, bu da onların bacarıqlarının və məşğulluq potensialının artırılmasına töhfə verəcək.
Bu strateji tərəfdaşlıq vasitəsilə ADA Universiteti sənaye ilə əlaqələrini daha da genişləndirir, innovasiya və tətbiqi tədqiqatlara sadiqliyini, eləcə də qlobal texnoloji trendlərə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi önəmi bir daha nümayiş etdirir.
Fortunamag.az
