Azər Allahverənov: «Bir il ərzində Qlobal Cənub QHT Platforması olduqca mühüm fəaliyyətlər həyata keçirib»
Fortunamag.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov, Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında Fortunamag.az ilə fikirləri ilə paylaşıb.
«Şübhəsiz ki, Azərbaycan mühüm tarixi hadisələrə daim ev sahibliyi edir. Bu, artıq bir ənənə halını alıb. Bakı şəhəri getdikcə beynəlxalq diplomatik tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilir. Burada müxtəlif formatlı və müxtəlif sahələri əhatə edən çoxsaylı tədbirlər təşkil olunur və hər biri yüksək səviyyədə həyata keçirilir.
Bu dəfə keçirilən tədbir — Qlobal Cənub QHT Platformasının Birinci Baş Assambleya iclasıdır və bu, həqiqətən də tarixi bir hadisədir. Çünki ilk dəfə olaraq ümumbəşəri mahiyyət daşıyan belə bir beynəlxalq təsisatın məhz Azərbaycanda formalaşmasının şahidi oluruq. Keçən il Qlobal Cənub QHT Platformasının təsis yığıncağı keçirilmiş və orada mühüm qərarlar qəbul olunmuşdu. Həmin qərarların əsas mahiyyəti yeni yaradılmış platformanın beynəlxalq səviyyədə, xüsusilə BMT-də, eləcə də onun müxtəlif institut və ixtisaslaşmış qurumlarında tanınmasına nail olunması idi.
Bir il ərzində Qlobal Cənub QHT Platforması olduqca mühüm fəaliyyətlər həyata keçirmiş, dünyanın müxtəlif regionlarında geniş müzakirələrə səbəb olmuş və xüsusilə Qlobal Cənub ölkələrinin maraqlarını ardıcıl şəkildə ifadə edən mühüm bir əməkdaşlıq platforması kimi formalaşmışdır.»
Fortunamag.az
