Azərbaycanlı aktyor Eldar İsgəndərov Kannda böyük uğura imza atdı
Dünya kinematoqrafiyasında vaxtaşırı yeni simalar ortaya çıxır, lakin yalnız az sayda aktyor ilk çıxışından etibarən bu qədər inamlı və parlaq şəkildə diqqət çəkməyi bacarır. 2026-cı il Kann Film Festivalının ən yaddaqalan kəşflərindən biri məhz azərbaycanlı gənc aktyor Eldar İsgəndərov oldu. O, Jordan Firstman tərəfindən çəkilən “Klub uşağı” filmindəki rolu ilə beynəlxalq mətbuatın və kino tənqidçilərinin diqqət mərkəzinə çevrildi.
Film Xüsusi Baxış proqramı çərçivəsində təqdim olundu və qısa müddətdə festivalın ən çox müzakirə edilən ekran işlərindən birinə çevrildi. Nümayişdən sonra tamaşaçıların filmi yeddi dəqiqə ayaqüstə alqışlaması Kann üçün xüsusi simvolik məna daşıyan nadir hadisələrdən hesab olunur. Layihəyə marağı daha da artıran məqamlardan biri isə A24 şirkətinin filmin yayım hüquqlarını milyonlarla dollarlıq müqavilə ilə əldə etməsi oldu.

Filmin emosional atmosferi, müasir vizual estetikası və daxili dramatizmi fonunda Eldar İsgəndərovun canlandırdığı Niki obrazı xüsusi seçildi. Onun yaratdığı obraz ekranın ən yadda qalan personajlarından biri kimi qiymətləndirildi.
Azərbaycan üçün bu uğur yalnız bir aktyorun şəxsi nailiyyəti deyil. Bu hadisə ölkənin müasir incəsənətinin beynəlxalq arenada daha görünən mövqeyə yüksəldiyini göstərən mühüm mədəni mərhələ kimi dəyərləndirilir. Eldar İsgəndərov milli mədəni dəyərləri müasir dünya kinosunun dili ilə birləşdirə bilən yeni nəsil azərbaycanlı sənətçilərin nümayəndəsidir.

Bu uğurun daha bir diqqətçəkən tərəfi aktyorun Şahmar Ələkbərov — Azərbaycan kinosunun ən görkəmli simalarından birinin nəvəsi olmasıdır. Bir çoxları bu uğuru böyük sənət ənənəsinin davamı kimi qiymətləndirir. İstedad, sənət duyumu və yaradıcı intuisiya sanki nəsildən-nəslə ötürülür. Bununla yanaşı, Eldar artıq özünəməxsus üslubu və fərdi yaradıcılıq xətti ilə beynəlxalq kino məkanında müstəqil mövqe formalaşdırır.
Aktyorun performansı aparıcı beynəlxalq nəşrlər tərəfindən yüksək qiymətləndirilib.
Little White Lies yazıb:
”Klub uşağı” öz mahiyyət etibarilə tanış bir obraz üzərində qurulsa da, yeni aktyor tərəfindən böyük həssaslıqla yenidən canlandırılıb. Firstman Nyu-York üsyankarlarını canlandıran rəngarəng aktyor heyəti ilə əsl uğur qazanıb, xüsusilə də Niki rolunda Eldar İsgəndərovla.”
The Hollywood Reporter nəşri isə Eldar İsgəndərovun ekran enerjisi və aktyor dəqiqliyini xüsusi vurğulayıb:
“Rejissorlar aktyor və model Eldar İsgəndərovla Niki rolunda xüsusilə uğurlu nəticə əldə ediblər. O, filmdə ən gülməli replikaların bir çoxunu səsləndirən, elfə bənzər maraqlı bir obrazdır. Firstman filmini personajlarla uğurla zənginləşdirib və İsgəndərovun istedadından məharətlə istifadə edib.»
JoBlo portalı isə obrazın orijinallığını ön plana çıxarıb:
«Firstmanın ətrafında güclü ikinci plan aktyor heyəti toplanıb. Onların arasında biznes tərəfdaşı Sofi rolunda Kara Delevin və ən diqqətçəkən obrazlardan biri — özünü “Azərbaycandan olan filosof” kimi təqdim edən Niki rolundakı Eldar İsgəndərov da var.»
Kann Film Festivalı hər il dünyaya yeni adlar təqdim edir. Lakin yalnız seçilmiş sənətçilər tamaşaçıların və kino ictimaiyyətinin yaddaşında silinməz iz buraxmağı bacarır. Eldar İsgəndərov artıq beynəlxalq kino məkanında Azərbaycanın yeni mədəni səsinin simalarından biri kimi qəbul olunur.
Müəllif: Səidə Musayeva, Fortunamag.az-ın baş redaktoru
