“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağında “Türkiyədə Azərbaycan film günləri” çərçivəsində “Cənnət yuxusu” sənədli filmi nümayiş olunub.
Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, film bu tədris Ocağında Azərbaycan dilini öyrənən tələbələrə təqdim edilib.
Tədbirin əvvəlində Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov çıxış edərək görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin formalaşmasında mühüm rol oynayıb, klassik Şərq miniatür ənənələrinin inkişafına əhəmiyyətli töhfələr verib. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmışdır.
Daha sonra Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, tarixçi-alim, professor Alper Alp Qərbi Azərbaycanın tarixi və mədəni baxımdan əhəmiyyəti barədə çıxış edib, bölgənin zəngin irsindən danışıb.
Azərbaycan Türkcəsinin Tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Sonra “Cənnət yuxusu” filmi nümayiş olunub. Film tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətindəki rolu, klassik Şərq ornamentləri və miniatür sənətinə həsr olunan bu sənədli film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Ruslan Ağazadə, rəssamı isə Səbuhi Atababayevdir.
Fortunamag.az
