Dadaş Məmmədov: xalçalar üzərində ikinci həyat
Fortunamag.az xəbər verir ki, Art Council Azerbaijan-ın rəhbəri Dadaş Məmmədov, 14 may 2026 il tarixində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında Fortunamag.az ilə fikirləri ilə paylaşıb.
— Burada sizin möhtəşəm layihənizi görürəm. Zəhmət olmasa, özünüzü təqdim edib, layihəniz haqqında bir qədər məlumat verərdiniz.
— Dadaş Məmmədov, Art Council Azerbaijan-ın rəhbəriyəm. Layihənin adı «İkinci həyat»dır. İdeyanın müəllifi bizim əməkdaşımız Sona Quliyevadır. Layihə necə yarandı? Məsələ ondadır ki, hər birimizin evində xalçalar olur. Zamanla bu xalçalar köhnəlir, zədələnir. Biz adətən nə edirik? Onları yığıb anbara, qaraja qoyuruq. Atmağa heyimiz gəlmir, amma eyni zamanda bu vəziyyətdə evdə də saxlamaq mümkün olmur.
— Yəni, tamamilə yararsız hala düşənə qədər gözləyirik.
— Bəli, sonra isə bir gün – adətən təmizlik zamanı – açıb baxırıq ki, artıq güvə onları zədələyib. Belə “həyatını başa vurmuş” xalçanı artıq atmaq məcburiyyətində qalırıq. Biz isə başqa bir yanaşma tətbiq edirik: bərpası artıq mümkün olmayan bu xalçaları götürür və onların üzərində rəsm işləyirik. Beləliklə, onlara ikinci həyat veririk. Daha sonra isə onları evə qaytarırıq, lakin artıq xalça kimi deyil, divardan asılan bir tablo kimi.
Burada, əgər diqqət yetirsəniz, bir installyasiya təqdim olunur. Proses necə başlayır? Hər şey bir ilmədən, bir sapdan başlayır. Daha sonra toxunur və xalça formalaşır – gözəl bir məmulat yaranır. Biz onu evə gətiririk, zamanla isə zədələnir. Görürsünüz, burada nə qədər qüsur var? Belə bir xalça artıq evdə sərgilənmir. Biz isə onun üzərində rəsm işləyərək ona yeni həyat veririk və nəticədə onu tamamilə fərqli bir sənət əsərinə çeviririk. Burada bütün bu mərhələlər – başlanğıcdan son nəticəyə qədər – xronoloji şəkildə təqdim olunur.
— Layihənizlə bağlı gözləntiləriniz nələrdir?
— Layihə artıq kifayət qədər uğurludur. Biz onu Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında da sərgiləmişik. Layihənin ideyasında Dayanıqlı İnkişaf Məqsədlərindən (Sustainable Development Goals) üç əsas istiqamət yer alır: 11, 12 və 13-cü məqsədlər. Bu layihə ekoloji yanaşma daşıyır.
— Milli aspekti də varmı?
— Bəli, çünki bu həm də irs (heritage) məsələsidir. Burada hər şey bir-birinə qarışaraq Azərbaycan xalçasına yeni və müasir bir baxış təqdim edir.
— Təşəkkür edirəm!
Müsahibəni Fortunamag.az-ın baş redaktoru Səidə Musayeva apardı.
