Dean Meekson Mwamulando: “İnklüzivlik dayanıqlı inkişafın əsas prinsipidir”
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu WUF13 çərçivəsində Qan Donorları Donorları Assosiasiyası tərəfindən təşkil olunan “İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması” mövzusunda panel müzakirəsi keçirildi. WUF13 çərçivəsində ətraf mühit, iqlim dəyişikliyi və inklüziv şəhərsalma mövzuları üzrə beynəlxalq müzakirələr davam edir. Forumun «İnklüziv Şəhər: Hər kəs üçün əlçatan urban mühitin qurulması»panelində Zambiyadan olan ətraf mühit üzrə məsləhətçi Dean Meekson Mwamulando çıxış edərək dayanıqlı inkişaf, iqlim ədaləti və həssas qrupların qərarvermə prosesinə daxil edilməsi barədə fikirlərini bölüşüb.
Çıxışında o, iqlim dəyişikliyinin artıq bütün dünyanı əhatə edən qlobal problem olduğunu vurğulayaraq bildirib ki, bu proses xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha ciddi təsirlər yaradır. Onun sözlərinə görə, iqlim siyasətləri hazırlanarkən ən çox təsirə məruz qalan icmaların səsi mütləq şəkildə nəzərə alınmalıdır.
O qeyd edib ki, Afrika regionunda bir çox icmalar hələ də su qıtlığı, kənd təsərrüfatında dəyişikliklər və ekosistemlərin pozulması problemlərlə üz-üzədir. Buna görə də iqlim maliyyələşməsi və uyğunlaşma proqramları yalnız beynəlxalq səviyyədə deyil, yerli icmaların real ehtiyaclarına uyğun şəkildə qurulmalıdır.
Ekspert xüsusilə inklüzivliyin vacibliyini vurğulayaraq bildirib ki, qərarvermə proseslərində qadınlar, gənclər və həssas qruplar daha aktiv şəkildə iştirak etməlidir. Onun fikrincə, “əgər insanlar birbaşa təsirə məruz qalırsa, onlar həm də həll prosesinin mərkəzində olmalıdır”.
O əlavə edib ki, dayanıqlı şəhərsalma yalnız texniki planlaşdırma deyil, həm də sosial ədalət məsələsidir. Şəhərlər iqlim dəyişikliklərinə uyğunlaşdırılarkən infrastrukturla yanaşı, insan faktorunun da nəzərə alınması vacibdir.
Çıxışının sonunda o, beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək bildirib ki, WUF13 kimi platformalar ölkələr arasında təcrübə mübadiləsi və birgə həllərin hazırlanması üçün mühüm imkan yaradır və bu cür dialoqlar qlobal iqlim çağırışlarına cavab verməkdə əsas rol oynayır.
Fortunamag.az üçün eksklüziv
