Deputat Azər Allahverənov: Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi strateji mərkəzə çevrilib
Azərbaycan son illərdə beynəlxalq tədbirlərin təşkilində qazandığı uğurlarla qlobal diqqət mərkəzinə çevrilib. Xüsusilə COP29 və beynəlxalq Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın artan nüfuzunun və diplomatik gücünün göstəricisi hesab olunur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Fortunamag.az-a eksklüziv açıqlamasında mühüm məqamlara toxunub.
Deputat bildirib ki, Şəhərsalma Forumu miqyasına və strateji əhəmiyyətinə görə dünyanın ən vacib beynəlxalq platformalarından biri hesab olunur:
“Bu gün biz olduqca mühüm beynəlxalq tədbirə şahidlik edirik. Şəhərsalma Forumu öz miqyasına və əhəmiyyətinə görə BMT və COP formatından sonra ən önəmli qlobal platformalardan biridir. Belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük beynəlxalq etimadın göstəricisidir.
Bu onu göstərir ki, Azərbaycan BMT platformasında etibarlı tərəfdaş kimi özünü tam şəkildə təsdiqləyib. Dünyanın aparıcı beynəlxalq institutları artıq Azərbaycanın təşkilatçılıq imkanlarına və təhlükəsiz mühitinə yüksək səviyyədə inanır.”
Azər Allahverənov qeyd edib ki, COP29 Azərbaycanın beynəlxalq diplomatiya tarixində xüsusi yer tutur:
“COP29 sadəcə beynəlxalq tədbir deyildi. Azərbaycan burada həm təşkilati, həm də siyasi baxımdan yeni standart formalaşdırdı. İqlim dəyişiklikləri ilə bağlı qlobal qərarların qəbulunda ölkəmiz mühüm rol oynadı.
Ən diqqətçəkən məqamlardan biri isə iqlim maliyyələşdirilməsi istiqamətində qısa müddətdə ciddi nəticələrin əldə olunması idi. Əvvəlki COP tədbirlərində illərlə davam edən müzakirələr Azərbaycanda rekord sürətlə yekunlaşdı.”
Deputat vurğulayıb ki, Azərbaycan cəmi bir neçə ay ərzində həm təşkilati hazırlığı tamamladı, həm də dövlətlərarası dialoqu effektiv şəkildə quraraq mühüm qərarların qəbuluna nail oldu.
“Azərbaycanın təşkilatçılıq modeli dünya üçün nümunəyə çevrilib”
Millət vəkilinin sözlərinə görə, COP29 zamanı nümayiş etdirilən peşəkar idarəetmə modeli beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib:
“Bir çox xarici nümayəndələr xüsusi olaraq vurğulayırdılar ki, Azərbaycanın təşkil etdiyi COP29 tədbiri əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə keçirildi. Sonrakı tədbirlərin həmin standartlara çatmaqda çətinlik çəkməsi də bunu təsdiqləyir.”
Azər Allahverənov bildirib ki, Şəhərsalma Forumunda müzakirə olunan əsas mövzulardan biri urbanizasiya və davamlı şəhər inkişafıdır:
“Bu gün dünyada urbanizasiya sürətlə artır və bu prosesi dayandırmaq mümkün deyil. Əsas məsələ şəhərləşməni düzgün idarə etməkdir. Urbanizasiya dövlətlər üçün problemə deyil, inkişaf imkanına çevrilməlidir.
Forumda müzakirə olunan əsas məsələlər balanslı şəhər inkişafı, sosial həssas qrupların prosesə inteqrasiyası, ekoloji yanaşmalar və ictimai iştirakçılıq mexanizmləridir.”
Deputat hesab edir ki, forum çərçivəsində qəbul ediləcək qərarlar gələcək şəhərsalma siyasətinə qlobal səviyyədə təsir göstərəcək.
“Azərbaycan artıq beynəlxalq layihələrin əsas platformalarından biridir”
Müsahibənin sonunda deputat Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun daha da gücləndiyini bildirib:
“Azərbaycan artıq təkcə regionun deyil, dünyanın mühüm beynəlxalq platformalarından birinə çevrilib. Burada humanitar forumlar, multikultural tədbirlər, beynəlxalq idman yarışları və siyasi dialoqlar keçirilir.
Ölkəmizin təhlükəsizliyi, müasir infrastrukturu və multikultural dəyərləri beynəlxalq təşkilatların Azərbaycana marağını daha da artırır. Bu tendensiya qarşıdakı illərdə də davam edəcək.”
Fortunamag.az-a eksklüziv müsahibə
