Elçin Mirzəbəyli: “Urbanizasiya sadəcə memarlıq deyil, qlobal prosesdir”
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu WUF13 çərçivəsində şəhərsalma və urbanizasiya ilə bağlı qlobal çağırışlar müzakirə olunmağa davam edir. Forumun əsas mövzularından biri olan dayanıqlı inkişaf və şəhərlərin gələcək planlaşdırılması barədə Milli Məclisin deputatı Elçin Mirzəbəyli Fortunamag.az-a açıqlama verib.
“Tədbir yüksək səviyyədə təşkil olunub. Ən önəmli məqamlardan biri odur ki, burada ilk dəfə olaraq liderlərin sammiti keçirildi. Bu, Azərbaycanın yanaşma tərzinin fərqli olduğunu göstərir. Çünki şəhərsalma və urbanizasiya məsələlərinə biz yalnız memarlıq çərçivəsində deyil, daha geniş qlobal proses kimi baxırıq.
Bu, əslində həm geosiyasi, həm də iqtisadi bir problemdir. Dünyada baş verən müharibələr, texnogen hadisələr, ekoloji dəyişikliklər və iqlim prosesləri insanların bir regiondan digərinə miqrasiyasına səbəb olur. Bu proseslər bəzən hətta geosiyasi təzyiq vasitəsinə də çevrilir.
Eyni zamanda enerji təhlükəsizliyi problemi yaranır və bu, öz növbəsində ərzaq təhlükəsizliyinə də təsir göstərir. Bu sahələr bir-biri ilə zəncirvari şəkildə bağlıdır.
Bizim yanaşmamıza görə, bu problemlərin həlli üçün ilk növbədə qlobal səviyyədə, liderlər müstəvisində siyasi iradə nümayiş etdirilməlidir. Yalnız bundan sonra bu zəncirvari proseslər müsbət istiqamətə yönələ və urbanizasiya ilə bağlı çağırışların həllinə gətirib çıxara bilər.”
Fortunamag.az üçün eksklüziv
