Firuzə Sultan-zadə: “İnnovativ və yaşıl şəhər layihələri gələcəyin inkişaf modelidir”
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər silsiləsi ölkənin qlobal platformalarda artan rolunu bir daha nümayiş etdirir. COP29-dan sonra bu dəfə də Dünya Şəhərsalma Forumu (WUF) çərçivəsində urbanizasiya, dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Fortunamag.az-a müsahibəsində ekologiya üzrə fəlsəfə doktoru, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri və Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin müəllimi Firuzə Sultan-zadə tədbirin əhəmiyyətindən, uşaqlar və gənclər üçün dayanıqlı şəhər konsepsiyalarından, eləcə də Azərbaycanda ilk dəfə təqdim olunacaq milli ekoloji sertifikatlaşdırma standartlarından danışıb.
– WUF13-ün gedişatı ilə bağlı təəssüratlarınız necədir? Tədbirdən gözləntiləriniz nələrdir?
— İlk növbədə çox qürur duyuruq ki, COP29-dan sonra belə böyük qlobal tədbir yenidən ölkəmizdə keçirilir. Bu, bir daha göstərir ki, Azərbaycan dünya miqyaslı mühüm proseslərin mərkəzindədir. Bu cür beynəlxalq platformalar həm ölkəmiz, həm də qlobal ictimaiyyət üçün olduqca vacibdir.
Urbanizasiya, şəhərlərin inkişafı və dayanıqlı tikinti məsələləri bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ekoloji təşkilat olaraq biz dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik və dayanıqlılıq meyarları üzərində çalışırıq. Burada müzakirə olunan mövzular həm ekspert, həm də mütəxəssis kimi fəaliyyət istiqamətlərimizlə tam üst-üstə düşür.
Bundan əlavə, tədbirdə uşaqlar və gənclər üçün xüsusi pavilyon fəaliyyət göstərir. Biz də uşaq və gənclərlə çalışan təşkilat olaraq bu istiqamətdə aktiv iştirak edirik. Son günlər ərzində uşaqlar və gənclərlə görüşlər keçirərək dayanıqlı, komfortlu və ekoloji şəhərlərin uşaqlar olmadan mümkün olmadığını vurğulayırıq. Şəhər mühiti mütləq şəkildə uşaqların, gənclərin və ümumilikdə cəmiyyətin ehtiyaclarına uyğun qurulmalıdır.
Burada uşaqlar və gənclərin iştirakı ilə keçirilən panel və sessiyalarda onların səsinin eşidilməsi bizim üçün xüsusilə önəmlidir. Məhz buna görə bu prosesdə fəal iştirak edirik.
Sabah isə WUF Academy çərçivəsində “EkoSfera” ilk dəfə olaraq milli ekoloji sertifikatlaşdırma standartlarını təqdim edəcək. Tədbirdə bu standartların qəbul olunması, hotellər, binalar, kurortlar və milli parklar tərəfindən tətbiqi məsələləri müzakirə ediləcək. Düşünürəm ki, burada hər kəs öz sahəsinə uyğun vacib mövzular tapa bilər.
– Dayanıqlı şəhər mühitinin formalaşmasında innovativ düşüncə nə qədər vacibdir?
— Bizim fəaliyyətimiz məhz yaradıcı və innovativ yanaşmalar üzərində qurulub. Bu, bizim üçün çox önəmlidir. Xarici həmkarlarımızla ünsiyyətdə də görürük ki, onlar Azərbaycanın inkişafını yüksək qiymətləndirirlər. Həm tədbirin təşkilinə, həm də şəhər mühitinə böyük maraq göstərirlər.
Xüsusilə “Youth and Children Assembly” çərçivəsində keçirilən müzakirələrdə qeyd olundu ki, Bakı uşaqlar üçün çox əlverişli və dostyana şəhərdir. Bu münasibət şəhərdə hiss olunur və bu, bizi sevindirir.
Qeyd etmək istərdim ki, interaktiv uşaq turizmi və uşaqlar üçün tədris metodlarının yaradılması istiqamətində ilk təşəbbüslərdən biri də məhz bizim tərəfdən həyata keçirilib.
Eyni zamanda yaxın günlərdə “Sea Breeze” kurortu da təşəbbüsümüzə dəstək verdi. Təxminən altı ay ərzində uşaqlar və gənclər “yaşıl startap laboratoriyası” çərçivəsində şəhərsalma ilə bağlı innovativ ideyalar hazırlayıblar. Layihə əvvəlcə qış laboratoriyası kimi başladı, daha sonra yaz laboratoriyasına çevrildi.
Beş nominasiya üzrə təqdim olunan layihələr arasından 12 qalib seçildi və onların üçü yalnız maliyyə mükafatı deyil, həm də layihələrinin real şəkildə həyata keçirilməsi imkanı qazandı. “Sea Breeze” həmin layihələri öz ərazisində reallaşdırmağı öhdəsinə götürüb.
Bu layihələr arasında fiziki məhdudiyyətli uşaqlar üçün inklüziv oyun meydançası, ekoloji maarifləndirici təhsil marşrutu və altı yaşlı bir qız tərəfindən hazırlanmış maraqlı uşaq meydançası konsepti xüsusi diqqət çəkir. Onun yaratdığı “hörümçək” formalı oyun qurğusunun gələcəkdə reallaşdırılması nəzərdə tutulur.
Fortunamag.az eksklüziv
Cəmalə Naxçivani
