Fuad Məmmədov: Türk Dünyasının Mənəvi Birliyi Ən Böyük Gücümüzdür
Bu gün Bakıda Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayıb.
Forumun açılış mərasimində çıxış edən QHT Agentliyinin Müşahidə Şurasının sədri, kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov Türk dünyasının ortaq mədəniyyət və mənəvi dəyərlər əsasında daha da gücləndiyini bildirib.
Fuad Məmmədov forum iştirakçılarını salamlayaraq Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan gələn nümayəndələri Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
Professor Fuad Məmmədov vurğulayıb ki, Azərbaycanın son yeddi ay ərzində ikinci dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumuna ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun göstəricisidir.
Onun sözlərinə görə, ötən forum çərçivəsində ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platforması yaradılıb və platformanın ilk rəhbərliyi Azərbaycana həvalə olunub. QHT platformasının daimi qərargahı Bakı şəhərində yerləşir.
Fuad Məmmədov çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanda keçirilən qeyri-rəsmi Zirvə Görüşündə səsləndirdiyi fikirləri də diqqətə çatdırıb.
Prezident İlham Əliyevin çıxışında Türk dünyasının böyük iqtisadi potensiala, zəngin təbii sərvətlərə, strateji nəqliyyat yollarına və ortaq köklərə malik olduğu qeyd olunub. Dövlət başçısı Türk xalqlarının birliyinin ən böyük güc olduğunu vurğulayıb.
Forumda bildirilib ki, yaxın dövrdə Azərbaycan–Qırğızıstan, Azərbaycan–Özbəkistan və Azərbaycan–Şimali Kipr əməkdaşlıq forumları təşkil olunacaq.
Bununla yanaşı, əvvəlki illərdə keçirilmiş əməkdaşlıq forumları da xatırladılıb:
• Azərbaycan–Türkiyə əməkdaşlıq forumu
• Azərbaycan–Özbəkistan əməkdaşlıq forumu
• Özbəkistan–Azərbaycan əməkdaşlıq forumu
• Azərbaycan–Qazaxıstan əməkdaşlıq forumu
Qeyd olunub ki, bu forumlar Türk dövlətlərinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətinin gücləndirilməsi baxımından mühüm rol oynayır.
İqtisadçı, alim və pedaqoq kimi uzun illər elmi və mədəni fəaliyyətlə məşğul olan Fuad Məmmədov yüksək mənəvi və intellektual mədəniyyətin Türk dünyasının əsas güc mənbəyi olduğunu qeyd edib.
Onun sözlərinə görə, dost və qardaş xalqların ortaq mədəniyyəti, milli-mənəvi dəyərləri və tarixi yaddaşı Türk dünyasının gələcək inkişafında mühüm rol oynayır.
Kulturoloq bildirib ki, yüksək mədəniyyətli cəmiyyətin qorunması və inkişaf etdirilməsi Türk dünyasının qüdrətini artıracaq ən vacib istiqamətlərdən biridir. O, həmçinin Türk sivilizasiyasının dünya tarixində xüsusi yerə malik olduğunu və bəşəriyyətin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.
Fortunamag.az
