Hicran Hüseynova: Bu sahədə qanunvericiliyin daha da gücləndirilməsinə ehtiyac yaranır
Türkiyədə uşaqların sosial mediaya girişinə məhdudiyyət qoyulub. Yaşı 15-dən aşağı olan şəxslər üçün sosial media istifadəsini qadağan edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova açıqlamasında bu qanunu necə dəyərləndirdiyini və oxşar tətbiqin Azərbaycanda gözlənilib-gözlənilmədiyini şərh edib. Deputat qeyd edib ki, uşaqların zərərli informasiyadan qorunması, onların rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı qanunvericilik mexanizmi mövcuddur. Azərbaycan beynəlxalq konvensiyalara qoşulub. 1998-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub. 2018-ci ildə isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib və bu gün də qüvvədədir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları ilə bağlı fiziki, vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq edilir. Milli Məclisin ötən payız sessiyasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna uşaqları qorumaq üçün jarqon, qeyri-əxlaqi ifadələri, narkotik vasitələri, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının qarşısını alması istiqamətində çox vacib əlavə və dəyişiklik edildi. Bu dəyişiklik yeniyetmə və gənclərin zərərli informasiyadan qorunmasının təmin edilməsinə imkan yaradır.
“Məlum olduğu kimi, hazırda müxtəlif informasiya resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edirik. Bu, günümüzün reallığıdır. Lakin internetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusilə uşaqların sosial inkişafına ziyan vuran mənfi məqamları da var. Sosial şəbəkələrdə etikaya, əxlaqazidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur. Əfsuslar olsun ki, belə hadisələr haqqında mediada məlumatlara rast gəlirik. Buna görə də bu sahədə qanunvericiliyin daha da gücləndirilməsinə ehtiyac yaranır”, – deyə Hicran Hüseynova qeyd edib.
Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” 2026-cı il 27 fevral tarixli Sərəncamı məhz bu zərurətin təzahürüdür. Həmin sənədə əsasən, uşaqları rəqəmsal mühitdəki zərərli təsirlərdən qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətləri, məktəblərdə elektron cihaz istifadəsi qaydaları və kibertəhlükəsizlik tədrisi nəzərdə tutulur. Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən uşaqların onlayn təhlükəsizliyini təmin edən hüquqi və texnoloji mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.
Uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılıb-məhdudlaşdırılmaması 2024-2025-ci illər və elə hazırkı dövr üçün rəqəmsal siyasətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Dünyanın hər yerində hökumətlər yetkinlik yaşına çatmayanları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və zehni sağlamlığa mənfi təsirlərdən qorumaq üçün yaş məhdudiyyətindən tutmuş birbaşa qadağalara qədər müxtəlif tədbirlər həyata keçirirlər. Avropanın bir sıra ölkələrində, ABŞ-də, Çində artıq təcrübə var. Türkiyə Böyük Millət Məclisi tərəfindən 15 yaşına çatmamış uşaqların sosial media şəbəkələrindən istifadəsinə rəsmən qadağa qoyulması ilə bağlı qərar qəbul edildi.
“Bu məsələ ilə bağlı fikirlər və təklifləri biz müxtəlif ictimai müzakirələr zamanı, o cümlədən Milli Məclisdə müvafiq dövlət qurumlarının, deputatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dinləmələrdə səsləndirmişik. Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli təsirlərdən qorunması məqsədilə qanunvericiliyə, 16 və ya 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması mümkündür. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Bu tədbirlərin tətbiqi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün sosial şəbəkə platformaları qarşısında da məsuliyyət yaradır. Bu, azyaşlıları kiberzorakılıq, mənfi məzmun və psixoloji fəsadlardan qorumaq üçün zəruri hesab olunur. Təhsil, rəqəmsal savadlılıq və zərərin minimuma endirilməsinə əsaslanan alternativ yanaşmalar uzunmüddətli perspektivdə daha davamlı ola bilər”, – deyə H.Hüseynova bildirib.
Fortunamag.az
