KOBİA sədri WUF13-də çıxış edib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında WUF13-ün Bakıda keçirilməsinin beynəlxalq ictimaiyyətin Azərbaycanın dayanıqlı urbanizasiya, iqlim dayanıqlığı və şəhər innovasiyaları sahəsində artan rolunu yüksək qiymətləndirdiyinin göstəricisi olduğunu deyib. Bildirib ki, WUF13 təcrübə mübadiləsi aparmaq, beynəlxalq tərəfdaşlıqları gücləndirmək və gələcəyin şəhərləri üçün innovativ həlləri müəyyənləşdirmək baxımından mühüm platformadır.
“Bugünkü panel Azərbaycan üçün olduqca əlamətdar bir dövrdə keçirilir. Prezident İlham Əliyev 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edib. Bu mühüm qərar hökumətimizin dayanıqlı şəhər inkişafına, müasir memarlığa, ekoloji davamlılığa və daha inklüziv şəhər mühitinin formalaşdırılmasına verdiyi strateji əhəmiyyəti əks etdirir. Bu qərar, həmçinin Azərbaycanın yalnız texnoloji baxımdan inkişaf etmiş və ekoloji cəhətdən dayanıqlı deyil, eyni zamanda, iqtisadi cəhətdən dinamik və sosial baxımdan inklüziv şəhərlərin qurulmasına sadiqliyini nümayiş etdirir. Bu baxımdan, bugünkü panelin mövzusu olduqca аktualdır. Əminəm ki, müzakirələr faydalı fikir mübadiləsinə şərait yaradacaq və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”, — deyə o vurğulayıb.
Orxan Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma təşəbbüsləri çərçivəsində “Ağıllı texnologiya”lar, bərpaolunan enerji mənbələri, müasir infrastruktur və ekoloji memarlıq standartları əsasında tamamilə yeni yaşayış məntəqələri qurulur. Genişmiqyaslı şəhər transformasiyası layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, “yaşıl zona”ların genişləndirilməsi, şəhər infrastrukturunun modernləşdirilməsi və azad edilmiş ərazilərdə dayanıqlılıq prinsiplərinə əsaslanan yenidənqurma işləri ölkəmizin innovativ və gələcəyə yönəlmiş şəhərsalma siyasətinə sadiqliyini nümayiş etdirir. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi regionun ilk innovativ məskunlaşma modellərindən birinə çevrilib. Layihə bərpaolunan enerji, “ağıllı idarəetmə sistemləri”, dayanıqlı kənd təsərrüfatı və rəqəmsal ictimai xidmətləri özündə birləşdirir. Bununla yanaşı, Şuşa və Füzuli şəhərlərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri Azərbaycanın müasir, ekoloji dayanıqlı və davamlı şəhər mühitinin qurulmasına sadiqliyini əks etdirir. Bu layihələr inteqrasiya olunmuş və gələcəyə hesablanmış şəhər inkişafının mühüm regional nümunələrinə çevrilməkdədir.
KOBİA-nın İdarə Heyətinin sədri əlavə edib ki, WUF13 kiçik və orta bizneslər üçün beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması, yeni biznes əməkdaşlıqlarının yaradılması, qabaqcıl təcrübələrin öyrənilməsi və dayanıqlı şəhər inkişafına töhfə verən innovativ məhsul, xidmət və həllərin təqdim olunması üçün dəyərli imkanlar yaradır: “Bu baxımdan, bugünkü panel müzakirəsi KOB-ların dayanıqlı, inklüziv və davamlı şəhərlərin formalaşdırılmasında əsas iştirakçılar kimi rolunun vurğulanması, həmçinin dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Əminəm ki, bugünkü müzakirələr faydalı fikir mübadiləsinə şərait yaradacaq və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.
Müzakirələrdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar və şəhərsalma üzrə mütəxəssislər iştirak ediblər. “Global Oracle Association for Leaders” təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə, sənayenin davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov, Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının Şəhər üzrə Baş Proqram rəhbəri Loredana Skuto, “Rotas Consulting” şirkətinin idarəedici partnyoru Emil Məcidov və “Synergy Consulting Infrastructure & Financial Advisory” şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov çıxış ediblər. Panel müzakirədə KOB-ların innovasiya, yaşıl texnologiyalar və rəqəmsallaşma vasitəsilə şəhər inkişafına töhfə verə biləcəkləri qeyd olunub.
Çıxışlarda KOB-ların şəhərlərin dayanıqlı inkişafında mühüm rol oynadığı, onların şəhərsalma siyasətlərində daha fəal iştirakının təmin olunmasının vacibliyi vurğulanıb. KOB-ların innovasiya, yaşıl texnologiyaların tətbiqi, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi və rəqəmsallaşma vasitəsilə şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına mühüm töhfə verə biləcəkləri qeyd olunub. Eyni zamanda, çıxışlarda KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, institusional dəstəyin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması zəruri istiqamətlər kimi diqqətə çatdırılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Müzakirənin təşkilində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaq olub.
