Milli Məclisin növbəti plenar iclasında 11 məsələyə baxılıb
Aprelin 27-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Milli Məclisin sədri gündəliyə 11 məsələnin daxil edildiyini deyib. Diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında qərar layihəsidir.
S.Qafarova bildirib ki, artıq bütün lazımi prosedurlar icra olunub və namizədlər müəyyən edilib. Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları – Vətəndaş Həmrəyliyi Partiyasını, Ədalət, Hüquq, Demokratiya Partiyasını, Azərbaycan Demokratik İslahatlar Partiyasını, Böyük Quruluş Partiyasını, Azərbaycan Demokratik Maarifçilik Partiyasını, Milli Cəbhə Partiyasını, Böyük Azərbaycan Partiyasını, Azərbaycan Milli İstiqlal Partiyasını, Ana Vətən Partiyasını, Respublikaçı Alternativ Partiyasını Milli Məclisdə təmsil edən deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib.
Parlamentin sədri qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb.
Müzakirələr zamanı məsələyə münasibət bildirdikdən sonra qərar layihəsi qəbul edilib.
Sonra S.Qafarova gündəliyin növbəti üç məsələsinin beynəlxalq sənədlərlə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.
O gündəliyin ikinci məsələsinin “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu diqqətə çatdırıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bildirib ki, saziş 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb və ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının keçirilməsinin təşkilati və maliyyə məsələlərini tənzimləyir.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov növbəti məsələ — “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Gündəliyin beşinci məsələsi olan Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verən Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov bildirib ki, qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib. O, sənədin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində hazırlandığını deyib.
Sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov dəyişikliklərlə bağlı məlumat verib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.
Soltan Məmmədov Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) nəzərə çatdırıb. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sahibə Qafarova gündəliyin son 2 məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Parlamentin sədri 10-cu məsələnin “Maliyyə icarəsi haqqında”, 11-ci məsələnin isə Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu və onların birinci oxunuşda müzakirəyə təqdim edildiyini bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki məsələ barədə məlumat verib. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Fortunamag.az
