• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Milli Məclisin plenar iclasında 8 məsələ müzakirə edilib

22.04.2026
SİYASƏT, Xəbərlər
Milli Məclisin plenar iclasında 8 məsələ müzakirə edilib
Share on FacebookShare on Twitter

Aprelin 21-də Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Milli Məclisin sədri aprelin 14-dən 17-dək Türkiyənin İstanbul şəhərinə işgüzar səfərindən danışıb. Qeyd edib ki, səfərdə məqsəd Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək olub. İstanbula işgüzar səfər çərçivəsində 10 rəsmi və 3 qeyri-rəsmi görüş keçirilib.

Deputatlar Belçika və Niderlandın Nümayəndələr Palatalarının 2026-cı il aprelin 16-da Azərbaycana qarşı qəbul etdikləri qərəzli, qeyri-obyektiv və reallıqdan uzaq olan, ikili standartları nümayiş etdirən qətnamələri qətiyyətlə pislədiklərini söyləyiblər. Qeyd olunub ki, Milli Məclis bu məsələyə öz münasibətini bildirərək, ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınadığını və onları qətiyyətlə rədd etdiyini vurğulayıb.

Müzakirələr zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin irəli sürdüyü təşəbbüslər nəticəsində regionda yeni reallıqların yarandığı, sabitliyin qorunduğu, sülh sazişi istiqamətində ardıcıl addımların atıldığı bildirilib. Bunları nəzərə alaraq, kənardan edilən əsassız və qərəzli müdaxilələrin destruktiv məqsədlərə xidmət etdiyi söylənilib. Deputatlar bu günlərdə keçirilən 5-ci Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidentinin iştirakının, söylədiyi fikirlərin xalqımız və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılandığını vurğulayıblar.

Sahibə Qafarova plenar iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib. O, gündəliyin birinci məsələsinin Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın olduğunu bildirib. Qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi ölkəmizdə maliyyə nəzarəti sisteminin mühüm tərkib hissəsini təşkil edir. Hesabatda öz əksini tapan rəy və mülahizələr büdcə siyasətinin formalaşdırılması və dəqiqləşdirilməsi ilə bağlı səmərəli qərarların qəbuluna, maliyyə intizamının möhkəmləndirilməsinə kömək göstərir.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Palata sədri Hesablama Palatasının 2025-ci ildə fəaliyyətinin yekunlarına dair Hesabatın təqdim edilməsi ilə bağlı tələblərin Lima Bəyannaməsində, eyni zamanda, “Hesablama Palatası haqqında” Qanunda və Milli Məclisin Daxili Nizamnaməsində təsbit edildiyini söyləyib. O, Palatanın qanunla müəyyən edilmiş 23 vəzifəsi barədə məlumatın Hesabatda dolğun şəkildə şərh olunduğunu qeyd edərək, 4 istiqamətdə görülmüş işlər barədə söhbət açıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı barədə komitənin rəyini açıqlayaraq, sənədin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə, beynəlxalq audit standartlarına və prinsiplərinə uyğun olaraq Milli Məclisə təqdim edildiyini deyib.

Komitə sədri vurğulayıb ki, büdcə şəffaflığı və hesabatlılığı, dövlət maliyyəsinin idarə edilməsi sahəsində institusional islahatların yeni çağırışlara uyğun olaraq aparılması büdcə nəzarəti sahəsində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətidir. Ali maliyyə nəzarəti orqanı olaraq Hesablama Palatasının fəaliyyəti də məhz bu siyasətin reallaşdırılmasına xidmət edir.

Milli Məclisin sədri profil komitənin Hesablama Palatasının hesabatına müsbət rəy verdiyini bildirib.

Sonra Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq nəzərə alınıb.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti məsələnin Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) olduğunu deyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bu qanun layihəsi barədə məlumat verib. Bildirib ki, layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsindən ibarətdir. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. O, layihədə təklif olunan dəyişikliklərin bir hissəsinin süni intellektdən etik çərçivə və məsuliyyətlə istifadə edilməsi ilə bağlı olduğunu söyləyib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və qanunvericiliyin tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verib. Bildirilib ki, təqdim olunan sənəddə qanunvericiliyin tələblərinə və normayaratma texnikasının qaydalarına uyğun olaraq “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda bəzi ifadələrin dəqiqləşdirilməsi, müvafiq normaların uyğunlaşdırılması və bir sıra texniki xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin qalan 3 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O, gündəliyin altıncı məsələsi olan Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat vermək üçün sözü Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə təqdim edib. Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərlə bağlı məlumat verib. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumatı nəzərə çatdırıb. Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.