Vüsal Hüseynov: “Şəhərsalma və miqrasiya siyasəti dayanıqlı inkişafın əsas dayaqlarıdır”
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində miqrasiya və şəhərsalma mövzuları üzrə keçirilən yüksək səviyyəli panel müzakirələr beynəlxalq gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qlobal miqrasiya trendləri, şəhərlərin inkişafı və inklüziv urbanizasiya siyasəti barədə Fortunamag.az-a geniş müsahibə verib.

O, həmçinin “Böyük Qayıdış” proqramının şəhərsalma və reinteqrasiya proseslərində rolunu xüsusi vurğulayıb.
– Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsini necə qiymətləndirirsiniz?
— Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin qlobal müzakirələrdə aktiv iştirakının və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin göstəricisidir. Azərbaycan artıq beynəlxalq miqyaslı platformaların etibarlı ev sahibi kimi çıxış edir.
Forum çərçivəsində çoxşaxəli mövzular müzakirə olunur. Onlardan biri də miqrasiya və şəhərlər mövzusudur. Bu istiqamətdə keçirilən tədbir iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunan Beynəlxalq Miqrasiya İcmalı Forumunun məntiqi davamıdır.
– Hazırda qlobal miqrasiya prosesləri hansı əsas çağırışları yaradır?
— Müasir dövrdə miqrasiya prosesləri sürətlə artır və daha mürəkkəb xarakter alır. Statistik məlumatlara əsasən, dünyada 304 milyondan çox beynəlxalq miqrant mövcuddur. Daxili miqrasiya isə bu rəqəmdən dəfələrlə böyükdür.
Eyni zamanda dünya əhalisinin artıq yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı gözlənilir. Bu isə şəhərsalma ilə miqrasiya siyasətinin daha sıx inteqrasiyasını zəruri edir.
Şəhərlərə köçən insanların sosial xidmətlərə çıxışı, inteqrasiyası, bərabər imkanların yaradılması və həssas qrupların müdafiəsi kimi məsələlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan şəhərsalma və miqrasiya siyasətləri bir-birini tamamlamalıdır və məqsəd dayanıqlı, inklüziv şəhərlərin formalaşdırılmasıdır.
– Azərbaycanın “Böyük Qayıdış” proqramı bu kontekstdə necə qiymətləndirilir?
— Panel müzakirələrində Azərbaycanın “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri xüsusi qeyd olundu. İşğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə aparılan layihələr beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılandı.
Bu proseslər göstərir ki, düzgün planlaşdırılmış miqrasiya və şəhərsalma siyasəti dayanıqlı inkişafın əsas sütunlarından biridir. Biz inanırıq ki, bu sahədə əldə olunan təcrübə gələcəkdə beynəlxalq miqyasda da mühüm istinad nöqtəsinə çevriləcək.

Fortunamag.az üçün eksklüziv müsahibə
