«WhatsApp»da mesajların silinmə qaydası dəyişir
“WhatsApp” messencerində mesajların avtomatik silinməsi ilə bağlı yeni funksiya sınaqdan keçirilir. Yeniliyə əsasən, mesajın silinmə taymeri yalnız qarşı tərəf həmin mesajı oxuduqdan sonra aktiv olacaq.
Fortunamag.az xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb.
Məlumata görə, yeni xüsusiyyət tətbiqin “iOS” üçün yayımlanan son beta versiyasında — “TestFlight” platformasında aşkar edilib.
Hazırda tətbiqdə mesajın silinmə müddəti göndərildiyi andan hesablanır. Yeni sistemdə isə geri sayım yalnız mesaj oxunduqdan sonra başlayacaq. İstifadəçilərə bu funksiya üçün 5 dəqiqə, 1 saat və 12 saatlıq seçimlər təqdim edilir. Bənzər imkanın artıq uzun müddətdir “Telegram” platformasında mövcud olduğu qeyd olunur.
Yeni ayar tətbiqin sazlamalar bölməsində yerləşən “Default message timer” hissəsində yer alıb. Bununla belə, funksiyanın rəsmi təqdimata qədər adında və yerləşdiyi bölmədə dəyişiklik edilə biləcəyi bildirilir.
Hazırda yenilik həm “iOS”, həm də “Android” sistemlərində beta istifadəçilərinin bir hissəsi üçün əlçatandır. Bəzi stabil versiya istifadəçilərinin də artıq bu funksiyadan yararlandığı qeyd edilir.
Bundan əlavə, silinən mesajlar funksiyasını bütün yeni çatlar üçün standart seçim kimi təyin etmək mümkündür. Funksiya ucdan-uca şifrələmə sistemi ilə tam uyğun işləyir. Yeniliyin həm istifadəçi məxfiliyini artıracağı, həm də cihaz yaddaşına qənaət etməyə kömək edəcəyi gözlənilir.
Fortunamag.az
