Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub
Anadan olmasının 83-cü ildönümü münasibətilə Azərbaycanın Xalq yazıçısı, dövlət və siyasi xadimi Elçin Əfəndiyevin I Fəxri xiyabanda məzarı ziyarət olunub.
Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, yazıçının ailə üzvləri, sənət yoldaşları, dostları onun xatirəsini anaraq məzarı üzərinə güllər düzüblər.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli, Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu çıxış edərək, Elçinin Azərbaycan ədəbiyyatına və ictimai-siyasi həyatına verdiyi töhfələrdən danışıblar.
Çıxışlarda Elçin Əfəndiyevin şəxsiyyəti, yaradıcılığı, zəngin irsi, milli-mənəvi dəyərlərə bağlılığı, dövlətçilik fəaliyyəti xüsusi vurğulanıb.
Yazıçının qızı, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailə üzvləri adından tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. O, 2025-ci il avqustun 3-də 82 yaşında vəfat edib.
Fortunamag.az
