YARAT tələbələrin “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşasını təqdim edib
Avstriyalı dramaturq Yura Zoyferin pyesi əsasında hazırlanmış “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşası aprelin 24-də YARAT Müasir İncəsənət Məkanında, “XX-XXI əsr Azərbaycan Rəngkarlığı” Muzeyinin səhnəsində “Matrix” çoxsahəli qrup sərgisi çərçivəsində təqdim olunub. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH Mərkəzində “aktyor sənəti” ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri iştirak ediblər.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tamaşada rolları Rahib Allahquliyev, Firuzə İsmayıl, Fatimə Əliyeva, Rüfət Əhmədov, Ləman Quliyeva, Murad Fərzəliyev, Elay Hənifəzadə və Sabir Gəraylı ifa ediblər. Kurs rəhbəri və quruluşçu rejissor Mikayıl Mikayılovdur. Plastik səhnə həlli isə Elnur İsmayılova məxsusdur.
1937-ci ildə yazılmış “Vineta” pyesi klassik antiutopiyadır. Hadisələr okeanın dibində baş verir; burada şəhər gündəlik həyatını “yaşamaqda” davam edir. Vineta sakinləri öldüklərindən və şəhərlərinin suya qərq olunduğundan xəbərsizdirlər. Conni isə fırtınadan sonra bu sualtı şəhərə düşən dənizçidir. O, şəhərin məhvə məhkum olduğunu, havanın olmadığını və zamanın dayandığını dərk edən yeganə insandır.
Fortunamag.az
