Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konserti Xüsusi nümayəndəliyin əməkdaşları, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və şəhər sakinləri izləyiblər. Proqrama F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ifasında bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlanılıb. Sonra Əməkdar artistlər Nizami Abdullayev, Anar Şuşalı, Ehtiram Hüseynov, həmçinin solistlər Vəfa Vəzirova, Murad Arif, Səbinə Ərəbli, Eldəniz Məmmədov, Könül Tağıyeva, Günay İbrahimli ifa etdikləri xalq və bəstəkar mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında təqdim olunan bir sıra xalq rəqsləri alqışlarla qarşılanıb. Vətənimizi, onun dilbər guşəsi Qarabağı tərənnüm edən nəğmələrdən ibarət konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq olub. Azad yurdun səması al-əlvan rənglərlə boyanıb. Yaranmış ecazkar mənzərə doğma yurdda qurub-yaratmağa başlayan sakinlərə unudulmaz anlar bəxş edib.
Fortunamag.az