Azərbaycanın inklüziv şəhər nəqliyyatı sahəsində mühüm innovativ təşəbbüslərindən biri uğurla davam edir. Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində yerli mütəxəssislər tərəfindən hazırlanmış əlil arabalı şəxslər üçün ilk elektrik nəqliyyat vasitəsinin (ENV) geniş ictimai təqdimatı və praktiki təlim-məşq proqramı təşkil olunub.
Qeyd edək ki, cari ilin 23 iyun tarixində Bakı Bulvarında bu innovativ nəqliyyat vasitəsinin ilk nəzəri və praktiki təqdimatı keçirilmiş, layihə ictimaiyyət və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanmışdır.
Layihənin növbəti mərhələsi çərçivəsində “Apar-La” Şəhər Klubunun təşkilati dəstəyi və velosipedçilərinin fəal iştirakı ilə Bakı şəhərində yerləşən Su İdman Sarayının ətraf ərazisində və Dənizkənarı Milli Parkda (Bulvar) genişmiqyaslı praktiki təlim və məşq proqramı həyata keçirilmişdir. Tədbirin əsas məqsədi yerli mütəxəssislər tərəfindən hazırlanmış əlilliyi olan şəxslər üçün ilk elektrik nəqliyyat vasitəsinin (ENV) real şəhər şəraitində sınaqdan keçirilməsi, onun təhlükəsizlik göstəricilərinin, idarəetmə imkanlarının və digər hərəkət iştirakçıları ilə qarşılıqlı uyğunluğunun qiymətləndirilməsi olmuşdur.
Praktiki məşqlər zamanı ENV velosipedçilərlə eyni hərəkət zolağında müxtəlif marşrutlar üzrə idarə edilmiş, dönmə radiusu, manevr qabiliyyəti, sürətə nəzarət, təhlükəsiz dayanma və şəhər mobilliyi şəraitində hərəkət imkanları praktiki olaraq nümayiş etdirilmişdir. Təlim prosesində iştirakçılar yeni nəqliyyat vasitəsinin gündəlik şəhər həyatında tətbiq perspektivlərini yaxından müşahidə etmiş, onun inklüziv nəqliyyat sisteminin formalaşdırılmasına verə biləcəyi töhfələri yüksək qiymətləndirmişlər.
Tədbir çərçivəsində layihənin rəhbəri Cavid Rəhimov tərəfindən elektrik nəqliyyat vasitəsinin texniki xüsusiyyətləri, funksional üstünlükləri və innovativ həlləri iştirakçılara ətraflı təqdim olunmuş, ENV-nin idarə edilməsi və istifadə qaydaları əyani şəkildə nümayiş etdirilmişdir. O, çıxışında qeyd etmişdir ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin şəhər mühitində müstəqil, təhlükəsiz və rahat hərəkət imkanlarını genişləndirmək, inklüziv şəhər mobilliyinin inkişafına töhfə vermək və Azərbaycanda yerli mühəndislik potensialı əsasında hazırlanmış innovativ nəqliyyat həllərinin tətbiqini təşviq etməkdir.
“Apar-La” Şəhər Klubunun velosipedçiləri ilə birgə keçirilən bu praktiki məşqlər müxtəlif hərəkət iştirakçıları arasında qarşılıqlı təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti mədəniyyətinin inkişafı və inklüziv nəqliyyat vasitələrinin şəhər infrastrukturuna inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Tədbir eyni zamanda cəmiyyətin əlilliyi olan şəxslərin müstəqil hərəkət hüququna və inklüziv şəhər mühitinin formalaşdırılmasına diqqətinin artırılmasına xidmət etmişdir.
Praktiki nümayiş zamanı layihənin rəhbəri Cavid Rəhimov tərəfindən elektrik nəqliyyat vasitəsinin texniki imkanları, idarəetmə xüsusiyyətləri, təhlükəsizlik sistemi və inklüziv şəhər nəqliyyatında tətbiq perspektivləri iştirakçılara ətraflı təqdim edilib. Təlim prosesində velosipedçilərlə birgə həyata keçirilən məşqlər ENV-nin şəhər mühitində digər nəqliyyat iştirakçıları ilə təhlükəsiz və səmərəli inteqrasiyasını nümayiş etdirib.
Hazırlanmış ENV fiziki məhdudiyyətli və əlil arabalı şəxslərin təhlükəsiz, müstəqil və rahat hərəkət imkanlarının genişləndirilməsinə xidmət edən innovativ yerli mühəndislik həllidir. Elektrik mühərriki ilə işləyən nəqliyyat vasitəsi ekoloji cəhətdən təmiz olmaqla yanaşı, enerji səmərəliliyi, müasir texnologiyaların tətbiqi və istifadəçi yönümlü konstruksiyası ilə seçilir.
Layihənin əsas üstünlükləri:
əlilliyi olan şəxslər üçün xüsusi uyğunlaşdırılmış konstruksiya;
ekoloji cəhətdən təmiz elektrik mühərrik sistemi;
şəhər mühitində təhlükəsiz və komfortlu hərəkət imkanları;
yerli mühəndislər tərəfindən hazırlanmış milli texnoloji həll;
enerjiyə qənaət edən innovativ idarəetmə sistemi.
Bu təşəbbüs yalnız yeni nəqliyyat vasitəsinin yaradılması ilə məhdudlaşmır. Layihə inklüziv cəmiyyətin formalaşdırılması, əlçatan şəhər mühitinin inkişafı, yaşıl texnologiyaların təşviqi və yerli innovasiya potensialının gücləndirilməsi baxımından mühüm sosial əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin birgə maliyyə dəstəyi ilə həyata keçirilir və ölkəmizdə inklüziv şəhər nəqliyyatı sahəsində həyata keçirilən ilk yerli innovativ təşəbbüslərdən biri hesab olunur.