Böyük Səhrada tapılan nadir meteorit Günəş sisteminin yaranma dövrünə aid mühüm elmi məlumatların əldə olunmasına imkan verib.
Fortunamag.az-ın məlumatına görə, alimlər bu kosmik cismin milyardlarla il əvvəl mövcud olmuş, lakin sonradan məhv olmuş Ay və ya Mars ölçüsündə qədim bir planetin mövcudluğunu təsdiqləyən ilk konkret sübutlardan biri olduğunu bildirirlər.
Təxminən 500 qram çəkisi olan və “NWA 12774” adlandırılan meteorit üzərində aparılan araşdırmalar onun Günəş sisteminin formalaşmasından cəmi bir neçə milyon il sonra yarandığını göstərib. Nəticələr həmin dövrdə bəzi səma cisimlərinin indiyədək məlum olmayan fərqli inkişaf mərhələlərindən keçdiyini ortaya qoyur.
Meteorit “angrit” adlanan olduqca nadir meteorit qrupuna daxildir. İndiyədək qeydə alınmış 80 mindən çox meteorit arasında yalnız 68 angrit nümunəsi aşkarlanıb. Bu meteoritlər Günəş sisteminin ən qədim vulkanik süxurları hesab edilir.
Tədqiqat zamanı meteoritin tərkibində alüminiumla zəngin kristallar müəyyən edilib. Analizlər göstərib ki, bu kristallar yalnız son dərəcə yüksək təzyiq altında əmələ gələ bilər. Alimlərin hesablamalarına görə, belə mineralların yaranması üçün Marian çökəkliyindəki təzyiqdən təxminən 17 dəfə yüksək təzyiq tələb olunur.
Mütəxəssislər bildirirlər ki, bu cür şərait asteroidlərdə formalaşa bilməz. Bu da meteoritin Ay və ya Mars ölçüsündə böyük bir səma cisminin parçası olması ehtimalını gücləndirir.
Araşdırma müəlliflərinin fikrincə, həmin qədim planet Günəş sisteminin ilkin mərhələlərində baş vermiş güclü kosmik toqquşmalar nəticəsində məhv olub. Onun qalıqları isə sonradan Yer də daxil olmaqla digər qayalı planetlərin formalaşmasında iştirak edib.
Alimlər vurğulayırlar ki, hələ də öyrənilməmiş çoxsaylı meteorit nümunələri mövcuddur və gələcək tədqiqatlar Günəş sisteminin erkən dövrlərində mövcud olmuş digər itmiş protoplanetlərin izlərini üzə çıxara bilər.